Lokomotiv Dinamoya şans vermədi

🕔2015-01-14 19:47:21

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Lokomotiv" Rusiya Kubokunun qalibi Krasnodarın "Dinamo" klubunu qəbul edib. Görüş "dəmiryolçuların" quru hesablı qələbəsiylə başa çatıb.

Mütəxəssislərin də erkən final adlandırdığı bu görüşdə "Lokomotiv" komanda oyunu və fanklubun möhtəşəm dəstəyi sayəsində sevinən tərəf oldu.

İlk setə inamlı başlayan komandamız hər iki texniki fasiləyə üstün yollanaraq setin sonunu da uğurlu keçirərək gülən tərəf oldu. (25-22)

İkinci set də Teunis Buijisin yetirmələri üçün asan oldu. Belə ki, set boyu Rusiya təmsilçisinə hesabda önə keçməyə imkan verməyən komandamız seti öz xeyirlərinə başa vurdular. (25-18)

Üçüncü setə fərqli başlayan Konstantin Uşakovun yetirmələri birinci texniki fasiləyə 5 top, ikinci texniki fasiləyə isə 3 top üstün yollansada, "Lokomotiv" voleybolçuları azarkeşlərin çılğın dəstəyi sayəsində setin və oyunun taleyinə aydınlıq gətirmiş oldu. (25-22)

Bu qələbə sayəsində "Lokomotiv" yanvarın 20-də Krasnodar şəhərində keçiriləcək cavab qarşılaşmasına rahat çıxacaq. Belə ki, Rusiyadakı oyunda 2 setdə qalib gəlmək komandamızın novbəti mərhələyə keçməsi demək olacaq.

14 yanvar

CEV kuboku

1/4 final, ilk oyun

"Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Rusiya) - 3:0 (25-22 ; 25-18 ; 25-22)

Hakimlər: Kelle Arnis (Latviya), Vyeçeslav Prozorov (Moldova)

Bakı. Voleybol Mərkəzi

Xəbərlər Paylaş