Lokomotiv bayramı qeyd etdi

🕔2015-03-06 01:55:28

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Bu bayramı "Lokomotiv" Qadın Voleybol Klubuda Biləcəri qəsəbəsində yerləşən komandanın təlim-məşq bazasında qeyd etməyi unutmayıb. Rəhbərliyin təşəbbüsüylə fan-klubla komandanın görüşü təşkil olunub. Voleybolçular iki komandaya bölünərək öz aralarında yoldaşliq görüşü keçirib. 

Görüşün sonunda komandanın kapitanı Valeriya Rosso və oyunun ən yaxşısı Aleksandra Çrnçeviçə xatirə kuboku təqdim olunub. Komandanın digər üzvlərinə isə hədiyyələr və güllər təqdim olunub. Sonda fan-klub ilə birgə komanda üzvləri çay süfrəsi arxasında komandanın bu ilki nailiyyətləri və gələcək oyunları barədə fikir mübadiləsi aparıblar.

Xəbərlər Paylaş