Azərbaycan çempionatının başlama vaxtı açıqlandı

🕔2015-12-15 04:39:31

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarının başlama vaxtı dəqiqləşib. AVF-nin mətbuat xidmətinin məlumatına görə, yeni mövsüm həyəcanı noyabrdan başlayacaq.

 

Belə ki, qadın voleybolçular arasında Super Liqaya noyabrın 6-da start veriləcək. Yarışda 4 – “Telekom”, “Azərreyl”, “Azəryol” və “Lokomotiv” komandalarının iştirakı dəqiqdi. Əgər klub sayında artım olmasa, çempionat yeni sistemlə təşkil olunacaq. Reqlamentə əsasən, komandalar 6 dövrədə 18 tur oynayacaqlar. Əvvəlki çempionatlar kimi “Dördlər finalı” nəzərdə tutulmayıb və dairəvi sistemlə təşkil olunacaq yarışda daha çox xal toplayan çempion tituluna yiyələnəcək. Super Liqanın başa çatma tarixi isə aprelin 20-ə təsadüf edəcək.

 

Lakin yarışa əlavə klubun qatılacağı da istisna edilmir. Çünki hazırda yeni – gənclərdən təşkil olunan “Qarabağ” komandası yaradılıb. Klub “Azəryol”un sabiq baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında hazırlıq keçir. Lakin hələlik sponsor məsələsi qaranlıq qalıb. Əgər bu çətinlik aradan qaldırılarsa, “Qarabağ” dərhal yarışa qatılacaq.

 

Bu halda isə reqlament yenə dəyişəcək və 5 komanda 5 dövrədə 20 tur oynayacaq. Ardınca ilk “dördlük” yarımfinala yüksələcək.

 

Bu isə o deməkdi ki, Bakı təmsilçiləri ölkə çempionatından öncə avrokuboklara başlayacaq. Çempionlar Liqasında çıxış edəcək komandalarımız ilk turu, CEV kubokundakı təmsilçimiz 1/16 finalda birinci oyununu başa vuracaq.

Xatırladaq ki, Superliqanın 2015-2016 sezonunun püşkatamsı yaxın gunlərdə baş tutacaq.

Xəbərlər Paylaş