"Lokomotiv" "Volero"nun qələbə seriyasını qırdı.

🕔2016-02-10 12:43:04

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib. Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası “Lokomotiv” 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edib.

 

Görüş Super Liqanın gümüş medalçısı üçün heç də asan keçməyib. Ölkə çempionatında ardıcıl 131 qələbə qazanan və Çempionlar Liqasının qrup mərhələsində 100 faizlik nəticə göstərən Sürix təmsilçisi mövsümdə ilk məğlubiyyətini Bakıda alıb - 3:2

 

İlk setə inamlı başlayan komandamız setin sonuna kimi üstünlüyünü əldən verməyib və İsveçrə təmsilçisinə öz yerini göstərib. 25-21

 

İkinci setdə ssenari dəyişib. Bu dəfə təşəbbüsü ələ alan Sürix klubu çətinliklə də olsa, status-kvonu bərpa edib. 22-25

 

Üçüncü setdə bəzi taktiki gedişlərə əl atan Karlo Parisi, setin sonunda yenə sevinən tərəf olub. 25-23

 

Dördüncü setdə biraz arxayınlaşan "dəmiryolçular" setin sonlarında üstünlüyü əldən verərək oyunun taleyini tay-brekə daşıyıb. 20-25

 

Tay-brekdə isə komandamız öz oyununu tapıb. Onlar setboyu hesabda öndə olublar. Hissənin sonunda “Volero” ardıcıl 3 topu aktivinə yazmaqla, hesabı bərabərləşdirib – 14:14. Amma “Lokomotiv” onların uğurlu seriyasını davam etdirməsinə imkan verməyib. Bu dəfə komandamız 2 xal qazanıb və görüşü qələbə ilə başa vurub – 3:2.

 

Bu isə hələlik son deyil. Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, “Qızıl set”ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi “Lokomotiv”in növbəti mərhələ yolunu bağlayacaq.

 

Çempionlar Liqası

1/6 final, ilk oyun

10 fevral

“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Hakimlər: Konstantinos Voudouris (Yunanıstan), Ralf Barnstorf (Almaniya)

Bakı, “Azərreyl” İdman Bazası

Xəbərlər Paylaş