“Lokomotiv” Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir. Heyətinə yerli voleybolçularla yanaşı, əcnəbi voleybolçuları da cəlb edən komandamız, 2009-2010-cu illər mövsümündə, Azərbaycan Çempionatının Super Liqa yarışlarında 2-ci yerə layiq görülmüş və Avropa Çağırış Kuboku “CEV Challange Cup” beynəlxalq turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009-2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin “Raanana” Voleybol Komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran “Lokomotiv”, növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın “Gvardia Vroclav” Voleybol Komandası ilə başabaş və əzmkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur.
Qarşısına daha böyük məqsədlər qoyan “Lokomotiv”, növbəti, 2010-2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nensi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) və onlar kimi digər təcrübəli və dəmir intizamlı voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, Sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010-2011-ci illər mövsümündə, “Lokomotiv” Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, sözügedən mövsümdə, “Lokomotiv” Voleybol Klubu Challange Cup beynəlxalq turnirində Rusiya təmsilçisi “Omiçka”, Avstriya təmsilçisi “Askö Linz Steg”,  Kipr təmsilçisi “ Apollon Limassol”, və Azərbaycanın güclü voleybol klublarından sayılan “İqdisadçı” voleybol komandalarını mübarizədən kənarlaşdıraraq, Challange Cup turnirinin final mərhələsinə adlamış, yalnız finalda yenə də hər iki oyunun nəticəsinə görə yenilən “Lokomotiv”, sözügedən mötəbər turnirin gümüş medalına layiq görülmüşdür.
2011-2012-ci illər mövsümünü isə “Lokomotiv” Voleybol Klubu sözün əsl mənasında, Avropanın və Dünyanın voleybol aləminə böyük əks-səda salmışdır. Belə ki, komandamız, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın “ZOK Split”, Belçikanın “Gent”, Serbiyanın “OK Vizura Beograd”, Macarıstanın “Vaşaş Budapeşt”,  Çexiyanın “VKKP Kralovo Pole Brno” voleybol komandalarını mübarizədən kənarlaşdıran “Lokomotiv”, final mərhələsində Azərbaycan təmsilçisi “Bakı” voleybol klubunu da üstələyərək, sözügedən turnirin qızıl medallarına layiq görülmüş və tarixində ilk dəfə olaraq, Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdır.
2012-2013-cü illər mövsümündə isə, “Lokomotiov” Voleybol Klubu, Avropanın daha mötəbər turniri sayılan və komandaların güc səviyyəsinə görə daha çox fərqlənən CEV Çempionlar Liqası (CEV Champions League) turnirində ilk debütünü etmişdir. Qeyd etmək lazımdır ki, “Lokomotiv” Voleybol Klubu bu turnirdə uğurlu çıxış etmişdir. Belə ki, Avropanın klublararası çempionatının ən mötəbər yarışması olan CEV Çempionlar Liqasında debüt edən “Lokomotiv”, qrup mərhələsində Rusiyanın “Dinamo Moskva”, Polşanın “Bank BPS Fakro Muszyna” və Serbiyanın “Crvena Zvezda” kimi güclü klubları arxada qoyaraq, qrup mərhələsini 1-ci yerdə tamamlamış və pley-off mərhələsinə yüksəlmişdir.
Hal-hazırda isə, “Lokomotiv” Voleybol Klubu Avropa CEV Kuboku (CEV Cup) beynəlxalq turnirində uğurlu çıxışını davam etdirməkdədir.

 

“Lokomotiv “ Voleybol Klubu uşaq voleyboluna da böyük diqqət ayırır. Klubumuzun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasında müxtəlif yaş qruplarına bölünmüş, 40-dan çox uşaq və yeniyetmələr voleybolun sirrlərini öyrənir və gələcəkdə yerli idmançıların aşkarlanmasında təcrübəli mütəxəssislər “Lokomotiv” təlim-məşq bazasında gərgin iş aparırlar. Təbii ki məqsəd təkcə “Lokomotiv” Voleybol Klubuna yerli idmançıları cəlb etmək deyil, həm də, ölkədə gedən uğurlu idman siyasətinin davamı və Azərbaycan Milli Komandasına daha çox yerli voleybolçuların cəlb edilməsidir.
Bu yöndə, klub rəhbərliyi mütəmadi olaraq iş aparır. Təbii ki ölkənin idman həyatında “Lokomotiv” Voleybol Klubunun da aktiv iştirak etməsi, bu sahədə əmək sərf edən bütün komandamızın göstəricisisidir.

Xəbərlər Paylaş